Film Haqqında
1922-ci ilin avqust ayı. Sovetlər ölkəsinə səyahət edən amerikalı jurnalist Cerri Tompson Azərbaycana gəlir. O, Bakının Mərdəkan qəsəbəsinə də baş çəkir. Burada o bağ evində ahıl yaşda bir kişi ilə görüşür.

Tompson eşitdiklərinə inana bilmir. Onun qarşısında vaxtilə böyük neft hasilatçısı, milyonçu və xeyriyyəçi olan, lakin sovet hakimiyyəti qurulandan sonra bütün var-dövlətini itirən Hacı Zeynalabdin Tağıyev idi. Hacı sadə bənnadan nüfuzlu neft sənayeçisinə qədər keçən həyat yolu hekayəsini qonağa nəql edirdi.

1873-ci ilin yanvar ayı. Uğurlu podratçı, imkanlı ailə başçısı və xeyriyyəçi Hacı Zeynalabdin Bibiheybət qəsəbəsində neft hasilatı üçün sahə götürür. Bakı neft bumu intizarında yaşayır. Abşeronda kiçik neft fontanları vurur.

Hacı böyük ümidlərlə bütün vaxtını böyük neft ehtiyatı ola biləcək ərazilərin axtarışında keçirir. Amma 4 ildən sonra sahədəki mənzərə onu məyus edir — bütün cəhdlərə rəğmən neft hələ də yoxdur…

Filmin baş prodüseri Bakı Media Mərkəzinin təsisçisi Arzu Əliyevadır.

Tağıyevin Həyatı

1838-ci ildə Bakıda başmaqçı ailəsində Hacı adında bir oğlan dünyaya gəldi. İllər keçdi və Hacı Zeynalabdin nüfuzlu neft maqnatlarından və mesenatlardan biri kimi adını Azərbaycan tarixinə yazdırdı.
Hacı Zeynalabdin Tağıyev 10 yaşından işləməyə başlayıb. Əvvəlcə bənna şagirdi, 15 yaşında bənna, daha sonra podratçı işləyib. O vaxtlar Bakıda neft bumu hökm sürürdü. Zeynalabdin iki şəriki ilə birlikdə Bibiheybətdə torpaq icarəyə götürür. Zəhmət və səylərdən sonra tapdığı neft onun həyatını dəyişir. Kasıb başmaqçı Tağının oğlu palçıq daşıyan Hacı Zeynalabdin bir anda milyonçu Tağıyevə çevrilir.
O, gəlirinin xeyli hissəsini xeyriyyəçiliyə, doğma şəhərinin inkişafına və abadlaşdırılmasına sərf edir, istedadlı gəncləri xaricdə təhsil almağa göndərir, incəsənət xadimlərinə himayədarlıq edir. Bakıda müsəlman Şərqində ilk dünyəvi qız məktəbini açması onu zəmanəsinin ən mütərəqqi insanları ilə bir cərgəyə qoyur.
Xeyirxah ürəyinə və nəcib işlərinə görə Tağıyevi xalq arasında “El atası” adlandırırdılar. Bakıda müsəlman, rus, erməni və yəhudi xeyriyyə cəmiyyətləri Hacını fəxri sədr seçmişdilər
Çəkiliş Heyəti
Rollarda
Dəstəkçilər və sponsorlar


Media







Xəbərlər

Azərbaycan “Tağıyev: Neft” filmini 98-ci “Oscar” Kino Akademiyası Mükafatlarına rəsmi namizəd seçdi
Bakı, 5 sentyabr 2025 – Azərbaycan Kinematoqrafçılar İttifaqının nəzdində fəaliyyət
göstərən 98-ci Kino Akademiyası Mükafatları (“Oscar”) üzrə Azərbaycan Film Seçim Komitəsi rəsmi olaraq
“Tağıyev: Neft” filmini Azərbaycanın “Ən Yaxşı Beynəlxalq Bədii Film” kateqoriyasında 98-ci Kino
Akademiyası Mükafatlarında® (2026) – “Oscar” mükafatlarında təmsilçisi seçib.
Film Bakı Media Mərkəzi tərəfindən Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi və Kino
Agentliyinin dəstəyi ilə istehsal olunub. Ekran əsəri Azərbaycan iqtisadi və mədəni həyatında mühüm
rol oynamış görkəmli sənayeçi, neft maqnatı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qeyri-adi həyatını
və irsini işıqlandırır.
“Tağıyev: Neft” filminin premyerası 2024-cü ilin oktyabrında Heydər Əliyev Mərkəzində baş tutub. Film Tağıyevin həyatının mühüm məqamlarını – qadın təhsilinə verdiyi misilsiz dəstəyi, Azərbaycanın neft sənayesinin inkişafındakı həlledici rolunu və Bakının infrastrukturunun formalaşmasına yönəlmiş xeyriyyəçilik fəaliyyətini əks etdirir.
Filmin yaradıcı heyəti yüksək peşəkarlığı ilə seçilir: rejissor Zaur Qasımlı, baş prodüser Arzu Əliyeva və güclü texniki komanda.
“‘Tağıyev: Neft’ filmi ilə biz Azərbaycanın vizyon, hər çətinliyə tab gətirən və səxavət tarixini dünya səhnəsinə çıxarmaqdan qürur duyuruq,” – deyə Azərbaycan Film Seçim Komitəsinin sədri Şamil Əliyev bildirib. – “Bu filmi ‘Oscar’ Kino Akademiyasına təqdim etməklə biz milli kinematoqrafiyamızı beynəlxalq miqyasda bölüşmək öhdəliyimizi daha da gücləndiririk.”
“Tağıyev: Neft” filminin təqdimatı ilə Azərbaycan qlobal kino sənayesində mövqeyini möhkəmləndirir, özünəməxsus mədəni irsini və zəngin tarixini beynəlxalq auditoriyaya çatdırır.
Kino Sənəti və Elmləri Akademiyası (“Oscar” Akademiyası) “Ən Yaxşı Beynəlxalq Bədii Film” kateqoriyası üzrə qısa siyahını 2025-ci ilin dekabrında, əsas nominasiyaları isə 2026-cı ilin yanvarında elan edəcək. 98-ci “Oscar” Kino Akademiyası Mükafatlarının təqdimetmə mərasimi isə 2026-cı ilin martında Los-Ancelesdə keçiriləcək.

“TAĞIYEV: NEFT” filminin təqdimat gecəsi keçirilib.
Oktyabrın 4-də Heydər Əliyev Mərkəzində Bakı Media Mərkəzinin istehsalı olan
“TAĞIYEV: NEFT” filminin geniş formatlı təqdimatı keçirilib. Film böyük xeyriyyəçi
Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətini əks etdirir.
Filmin baş prodüseri Arzu Əliyeva, prodüser Orman Əliyev və quruluşçu rejissoru
Zaur Qasımlıdır. Tarixi filmin ssenarisi İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı
tərəfindən yazılıb. Film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və ARKA-nın
dəstəyi, Neqsol Holding, Kapital Bank, Bakcell və Norm şirkətlərinin sponsorluğu ilə
Bakı Media Mərkəzi tərəfindən istehsal olunub.
“TAĞIYEV” filminin ilk hissəsi olan “NEFT” bölümü 7 noyabrdan kinoteatrlarda.

“TAĞIYEV” filminin çəkilişləri başa çatıb.
Filmdə mesenat və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatı və fəaliyyəti barədə geniş və maraqlı məqamlar əsas götürülüb.
Film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi, Neqsol Holding, Kapital Bank, Bakcell və Norm şirkətlərinin sponsorluğu ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub. Filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu xanım Əliyevadır.
“Tağıyev” filminin tezliklə kinoteatrlarda nümayişi gözlənilir.
Bununla yanaşı, ekran işinin xarici auditoriyaya da təqdim olunması nəzərdə tutulur.